Çin tərəfindən Şərqi Türküstanda tətbiq olunan zülmü nifrətlə qınayırıq

1949-cu ildən bəri Çin Xalq Respublikası idarəsi altında olan Şərqi Türküstanda insan hüquqları pozuntuları həyatın bütün sahələrində artaraq davam etməkdədir.
Çin Hökuməti, xüsusilə bölgədə yaşayan yerli əhalidən xilas olmaq üçün həyata keçirdiyi və 2018-ci ildə peyk görüntüləri və şahid ifadələri ilə sübut olunduqdan sonra qəbul etdiyi “toplama düşərgələrini” cinayət və cinayətkarı gizlətmək məqsədilə “peşə təlim kursu” kimi dünyaya təqdim etməyə çalışır, bu yolla Şərqi Türküstanlıları terrorizm, ayrı-seçkilik və radikalizmdən təmizləyəcəyini iddia edir. Əslində bu düşərgələrdə insanlığa qarşı cinayətlər kateqoriyasına daxil olan əməllər törədilir və düşərgələrdə qalan bir çox insandan bir daha xəbər almaq mümkün olmur.
Bir milləti və dini inancı məhv etməyə yönəlmiş sistemli fəaliyyətlərin mövcudluğu nəzərə alındıqda, sözügedən əməllərin ‘İnsanlığa Qarşı Cinayətlər’ çərçivəsində olduğu danılmaz bir həqiqətdir.
Çin Hökumətinin “Radikalizmlə Mübarizə Qaydası”nı qəbul etdiyi 2017-ci ilin mart ayından bəri, Şərqi Türküstan bölgəsində düşərgələrə salınan Uyğur türklərinin sayı sürətlə artır. Qaydaya əsasən, “normal” hesab edilməyən saqqal saxlamaq, niqab və ya baş örtüyü taxmaq, namaz qılmaq, oruc tutmaq, spirtli içki qəbul etməmək və ya İslam və ya Uyğur mədəniyyəti ilə bağlı kitab və ya yazılar saxlamaq da daxil olmaqla, dini və ya mədəni mənsubiyyətin açıq və ya hətta şəxsi sahədə nümayiş etdirilməsi “radikalizm” kimi qiymətləndirilir.
Xüsusilə müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkələrə iş və ya təhsil məqsədilə getmək və ya Çindən kənarda yaşayan insanlarla əlaqə qurmaq da insanları şübhəli vəziyyətə salan əsas səbəblər arasındadır. Kişi-qadın, gənc-yaşlı, şəhərli-kəndli fərq etmədən hər kəs həbs olunma təhlükəsi altındadır.
Beynəlxalq Amnistiya Təşkilatının dərc etdiyi ‘ Çin: Haradadırlar? Sincan Uyğur Muxtar Bölgəsindəki kütləvi həbslər barədə cavab vermə vaxtı ‘ adlı hesabatda bu pozuntular şahid ifadələri ilə sübut olunmuşdur. Beynəlxalq Amnistiya Təşkilatının Şərqi Asiya direktoru Nikolas Bequelinin bu məsələ ilə bağlı, “Çin hökumətinin etnik azlıqlara qarşı çirkin siyasətini davam etdirməsinə icazə verilməməlidir. Dünyanın hər yerindən hökumətlər Sincan Uyğur Muxtar Bölgəsində baş verən kabus səbəbindən Çindən hesabat tələb etməlidir” açıqlaması da vəziyyətin ciddiliyini göz önünə sərir.
Bir millət tamamilə inkar edilir, ibadət azadlığı rədd olunur, türk adları və yazıları qadağan edilir, Şərqi Türküstan bölgəsinə qəsdən Sincan adı verilir. Bu tədbirlərlə milli şüur məhv edilməyə çalışılır. Sözügedən bölgənin qədim Çin torpağı olduğu iddia edilərək bölgənin tarixi və dəyərləri görməzlikdən gəlinir.
Bütün aidiyyəti şəxsləri bu məsələdə məsuliyyət daşımağa, BMT Baş Assambleyası başda olmaqla bütün beynəlxalq qurumları dərhal qarşısını alan sanksiyaları gündəmə almağa çağırır, beynəlxalq ictimaiyyəti Şərqi Türküstan Uyğur xalqı üçün hərəkətə keçməyə dəvət edirik.
(Mənbə : https://shorturl.at/Zwvd8)