Ümumi Mesajlar

Vida Xütbəsi

----19 may 2026
Vida Xütbəsi

Ey insanlar!

Sözümü yaxşı dinləyin.

Bilmirəm, bəlkə bu ildən sonra sizinlə burada əbədi olaraq bir daha görüşməyəcəyəm.

Ey insanlar!

Arafə günü necə müqəddəs bir gündürsə, Zilhiccə ayı necə müqəddəs bir aydırsa, Məkkə şəhəri necə mübarək bir şəhərdirsə; canlarınız, mallarınız, namuslarınız da elə müqəddəsdir, hər cür hücumdan amandadır.

Əshabım!

Sabah Rəbbinizə qovuşacaqsınız və bu günkü hər bir hal və hərəkətinizdən soruşulacaqsınız. Qətiyyən məndən sonra köhnə azğınlıqlara qayıdıb bir-birinizi öldürməyin. Bu vəsiyyətimi burada olanlar olmayanlara çatdırsın. Ola bilər ki, çatdırılan kəs burada olub eşidəndən daha yaxşı anlayıb qoruyar.

Əshabım!

Kimin yanında bir əmanət varsa onu sahibinə versin.

Faizin hər növü ləğv edilmişdir, ayağımın altındadır.

Lakin borcunuzun əsasını ödəməlisiniz. Nə zülm edin, nə də zülmə məruz qalın.

Allahın əmri ilə faizçilik artıq qadağandır. Cahiliyyədən qalan bu çirkin adətin hər növü ayağımın altındadır. İlk ləğv etdiyim faiz də Əbdülmuttəlibin oğlu Abbasın faizidir.

Əshabım!

Cahiliyyət dövründə güdülən qan davaları da ləğv edilmişdir. Ləğv etdiyim ilk qan davası da Əbdülmuttəlibin nəvəsi Rabianın qan davasıdır.

Ey insanlar!

Bu gün şeytan sizin bu torpaqlarınızda yenidən təsir və hakimiyyət qurmaq gücünü əbədi olaraq itirmişdir. Lakin bu ləğv etdiyim şeylərdən başqa kiçik hesab etdiyiniz işlərdə ona uyarsınızsa, bu da onu sevindirəcəkdir. Dininizi qorumaq üçün bunlardan çəkinin.

Ey insanlar!

Qadınların hüquqlarını qorumağınızı və bu mövzuda Allahdan qorxmağınızı tövsiyə edirəm. Siz qadınları Allahın əmanəti olaraq aldınız; onların namus və iffətlərini Allah adına söz verərək halal etdiniz. Sizin qadınlar üzərində, onların da sizin üzərinizdə hüquqları vardır. Sizin qadınlar üzərindəki haqqınız; onların ailə ocağını, xoşlamadığınız heç bir kəsə tapdalatmamasıdır. Qadınların da sizin üzərinizdəki haqqı; adətə görə hər cür yemək və geyimlərini təmin etməyinizdir.

Ey Möminlər!

Sizə iki əmanət qoyub gedirəm ki, onlara möhkəm sarıldıqca yolunuzu heç vaxt azmayacaqsınız. Bu əmanətlər Allahın kitabı Qurani-Kərim və Peyğəmbərin sünnəsidir.

Ey Möminlər!

Sözümü yaxşı dinləyin və yaxşı qoruyun! Müsəlman müsəlmanın qardaşıdır və bütün müsəlmanlar qardaşdır. Din qardaşınıza aid olan hər hansı bir haqqı tapdalamaq halal deyil. Yalnız könül xoşluğu ilə verilən başqa.

Əshabım!

Özünüzə də zülm etməyin. Nəfsinizin də üzərinizdə haqqı vardır.

Ey insanlar!

Rəbbiniz birdir. Atanız da birdir. Hamınız Adəmin övladısınız, Adəm isə torpaqdandır. Ərəb olanın ərəb olmayana, ərəb olmayanın da ərəb üzərində üstünlüyü olmadığı kimi; qırmızı dərilinin qara üzərində, qaranın da qırmızı dərili üzərində üstünlüyü yoxdur. Üstünlük yalnız təqvadadır. Allah yanında ən qiymətli olanınız Ondan ən çox qorxanınızdır.

Ey insanlar!

Cənab-ı Haqq hər haqq sahibinə haqqını vermişdir. Hər kəs öz etdiyi günahdan məsuldur. Ata oğlunun, oğul da atanın günahından məsul deyil.

Diqqət edin! Bu dörd şeyi qətiyyən etməyin:

Allaha heç nəyi şərik qoşmayın.

Allahın haram və toxunulmaz etdiyi cana haqsız yerə qıymayın.

Zina etməyin.

Oğurluq etməyin.

Ey insanlar!

Sabah məndən sizi soruşacaqlar. Nə deyəcəksiniz?

Əshab-ı Kiram cavab verdi:

"Allahın risalətini təbliğ etdin; risalət vəzifəsini yerinə yetirdin, bizə vəsiyyət və nəsihət verdin deyə şəhadət edirik."

Rəsulullah şəhadət barmağını göyə qaldıraraq üç dəfə

"Şahid ol! ya Rəbb!

Şahid ol! ya Rəbb!

Şahid ol! ya Rəbb!"

Hz. Məhəmməd Sallallahu Aleyhi və Səlləm

Bu məqaləni bəyəndiniz?

Dostlarınızla paylaşın